Vol. 1 No. 1 (2026): COMPUTER LINGUISTICS: PROBLEMS, SOLUTIONS, PROSPECTS
Articles

BİRİNCİ TÜRKOLOJİ QURULTAYDA ELM XADİMLƏRİNİN ROLU

Published 2026-06-01

Keywords

  • Türkoloji qurultay, dil, iclas, birlik, ədəbiyyat, türk xalqları

Abstract

1926-cı il 26 fevral- 6 mart tarixində Bakıda keçirilən Birinci Türkoloji Qurultayında türk xalqlarının tarixi, ədəbiyyatı, dili, əlifbası, etnoqrafiyası və mədəniyyəti ilə bağlı bir sıra mühüm qərarlar qəbul edildi. Yaxın gələcəyə nəzər salsaq, Birinci Türkoloji Qurultay XX əsrdə türk xalqlarının və Azərbaycan xalqının mədəni həyatında ən mühüm hadisələrdən biri kimi tarixə qızıl hərflərlə yazılmışdır. Qurultayda xarici qonaqlar və Sovet İttifaqı ərazisində yaşayan türk xalqlarının nümayəndələri də daxil olmaqla, ümumilikdə 131 nəfər iştirak edirdi. Bu möhtəşəm qurultay geniş bir coğrafi ərazidə yaşayan çoxsaylı türk xalqlarının mədəniyyətinin inkişaf etdirilməsi, yeni islahat planlarının hazırlanması və bu planın həyata keçirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdi.

          Qurultay dövrün alimlərini və ziyalılarını bir araya gətirəcək güclü bir platforma yaratmaq, türk dünyasında dil və mədəni irsi qorumaq və inkişaf etdirmək məqsədi daşıyırdı. Bu şəxslər Türkiyə, Azərbaycan, Orta Asiya və digər türk dövlətləri də daxil olmaqla, türk dünyasının müxtəlif bölgələrindən olan alim və mədəniyyət xadimlərindən ibarət idi. Qurultayda iştirak edən ziyalılar türk xalqları arasında mədəni və dil əlaqələrinin, ortaq tarix və mədəniyyətlərinin inkişaf etdirilməsi ilə bağlı bir çox vacib məsələlər də müzakirə etdilər. Ziyalıların, elm xadimlərinin müzakirələri sonradan türk dünyasında həyata keçiriləcək bir çox dil və mədəni təşəbbüslərə ilham vermişdir. Qurultayda türk dilinin gələcəyi, türk xalqlarının birliyi və mədəni irsin qorunması ilə bağlı mühüm müzakirələr aparılıb. Bu qurultay gələcək illərdə türk dünyasında daha geniş mədəni və dil birliyinin yaradılması üçün möhkəm təməl qoydu. Qurultay iştirakçılarının sonrakı həyatları faciəvi oldu. I Türkolji Qurultayda iştirak edən 100-dən çox şəxs sonradan pantürkizmdə ittiham olunaraq təqiblərə məruz qaldı. Bir çox alim və mütəfəkkir həbs və fiziki məhvlə üzləşdi. Qurultayın mühüm nəticələrindən biri olan türk xalqlarının latın əlifbasına keçidi 1939-cu ildə ləğv edildi və Sovet İttifaqı ərazisində yaşayan türk xalqları birlikdə Kiril əlifbasına keçdilər.